Deputat: "Bu qurum və münaqişə ilə bağlı bütün müzakirələr keçmişdə qaldı"

“Dövlət başçısının hər çıxışı, müsahibəsi təkcə ölkəmizdə deyil, beynəlxalq siyasi arenada böyük maraq doğurur və izlənilir. Prezident son olaraq səsləndirdiyi fikirlərdə də bir sıra maraqlı məqamlara toxundu. Prezident bir daha beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciətlə bildirdi ki, “Dağlıq Qarabağ” adlı anlayış yoxdur”.

Newspress.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, Vətən müharibəsinin başlanmasının ildönümündə dövlət başçısı Azərbaycanın haqlı qələbəsini və Azərbaycanın imza atdığı reallıqları növbəti dəfə yerli və beynəlxalq ictimaiyyətə çatdırıb:

“Azərbaycan gücü hesabına münaqişəni həll etdi və artıq regionda sülh, sabitlik istiqamətində işlər görür. Həmçinin, işğaldan azad edilən ərazilərdə böyük işlər görülür, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Artıq “Dağlıq Qarabağ” adlı qurum yoxdur. Azərbaycan isə işğaldan azad etdiyi Qarabağı hər gün dirçəldir. Bu qurum və münaqişə ilə bağlı  bütün müzakirələr keçmişdə qaldı.

Azərbaycan Minsk qrupunun fəaliyyəti ilə bağlı mövqeyini açıqlayıb, dövlət başçısı Türkiyə mətbuatına müsahibəsində bu məsələyə bir daha toxundu. Biz münaqişədən əvvəl qurumun real fəaliyyətinin şahidi olmadıq, amma indiki dövrdə proseslərdə iştirak etmək istəyirlərsə, bu məsələyə baxıla bilər. Prezidentin də vurğuladığı kimi, bunun üçün Minsk qrupu yeni yanaşmalar təklif etməli, gündəmdə olan məsələlərlə bağlı fikir və ideyalarını bildirməlidir. Məsələn, iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı əməli addımlar atıla bilər. Minsk qrupu yenidən prosesə daxil olmaq istəyirsə, yeni obrazda olmalıdır. Minsk qrupu humanitar məsələlərdə iştirak edə bilər. Qrupun fəaliyyəti üçün bu kimi məsələlər var və bu istiqamətdə fəaliyyət göstərə bilər. Lakin Minsk qrupu bu proseslərdə iştirak etmək istəyirsə, münaqişədən əvvəlki fikirlərini elə keçmişdə saxlamalıdır. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll etdiyi məsələlərə toxunmaq, gündəmə gətirməyə çalışmaq Minsk qrupunun fəaliyyətinə daxil olmayacaq”.




Tarix: 2021-09-29 12:34:16 Oxunub: 2566 dəfə

SON XƏBƏRLƏR

ƏN ÇOX OXUNANLAR

Sorğu



REKLAMLAR